Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətindən yeni layihə
BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti “Oxu, oxut” adlı yeni layihəyə start verir. Layihə fakültənin birinci kurs magistrantı Gülay Tahirlinin rəhbərliyi ilə həyata keçiriləcək. “Kitablara filoloqların gözü ilə baxaq” devizi altında təşkil olunacaq layihə çərçivəsində tələbələr Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümunələrini də elmi və bədii cəhətdən təhlil edəcəklər. Təhlillərin həm yazılı, həm də şifahi şəkildə - videoformatda aparılması nəzərdə tutulur. Həmçinin tələbələr ədəbi şəxsiyyətlərin bioqrafiyası, əsərləri və müxtəlif ədəbi məsələlərlə bağlı yazılı mətnlər və ya videolar təqdim edə bilərlər. Təqdim olunmuş yazıların fakültənin saytında, videoların isə yutub kanalında paylaşılması nəzərdə tutulur. Ümid edirik ki, layihənin instaqram səhifəsi (@oxu_oxut ) də geniş oxucu kütləsinin marağına səbəb olacaq. Bütün tələbələri layihəyə qatılmağa dəvət edirik.