ETL haqqında

“Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyası Azərbaycan Respublikası Təhsil nazirinin 12 iyul 2010-cu il tarixli, 1088 saylı və Bakı Dövlət Universiteti rektorunun 11 noyabr 2010-cu il tarixli, R-72 saylı əmrlərinə əsasən yaradılmışdır. Laboratoriya Türkologiya kafedrasının nəzdində 2012-ci il mayın 1-dən fəaliyyət göstərir və 2015-ci ilin noyabr ayına kimi ona türk dünyasının görkəmli dilçi alimi, akademik Tofiq İsmayıl oğlu Hacıyev rəhbərlik etmişdir.  
“Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyası müasir dövrdə - qloballaşma şəraitində türkologiyanın dünya elminə inteqrasiyası, BDU-da türkologiyaya aid fənlərin yüksək səviyyədə tədrisi və bu sahədə mükəmməl elmi bazanın təşkili məqsədilə yaradılmışdır. Laboratoriyanın fəaliyyətində türkologiyanın aktual problemlərinə həsr olunmuş universitetdaxili, respublika və beynəlxalq səviyyəli elmi konfrans, qurultay, simpozium və seminarların təşkili nəzərdə tutulur.
“Türkoloji araşdırmalar” ETL-in elmi tədqiqat istiqamətini türk dillərinin aktual problemləri təşkil edir. 2012-2014-cü illərdə “Bəkir Çobanzadə və türkologiyanın aktual problemləri”, 2015-2017-ci illərdə “Müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri”, 2018-2020-ci illər “Türk leksikologiyasının nəzəri problemləri” mövzularında tədqiqatlar aparmış laboratoriya əməkdaşları, hazırda 2021-2023-cü illər üçün nəzərdə tutulmuş “Avropa və Asiya ölkələrində türk dillərinin öyrənilməsi” mövzusu üzrə elmi plan işini yerinə yetirir. 
Laboratoriyanın əməkdaşları fəaliyyət dövründə “Türkoloji araşdırmalar-1” adlı monoqrafik tədqiqatlar toplusu nəşr etdirmiş, üç beynəlxalq (Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans (2015);  Görkəmli türkoloq, professor Bəkir Çobanzadənin 125 illik yubileyinə həsr olunmuş “Azərbaycan dili: dünən və bu gün” mövzusunda beynəlxalq elmi konfrans (2018); “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans (2019) və beş respublika səviyyəli elmi konfransın (Professor Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda respublika elmi konfransı (2013); Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi” mövzusunda respublika elmi konfransı (2016); I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah” mövzusunda respublika elmi konfransı (2016); Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda respublika elmi konfransı (2017); Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalın 110 illik yubileyinə həsr olunmuş respublika elmi-nəzəri konfransı (2018) keçirilməsinə təşkilatçılıq etmişlər. 
 “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyası Türkiyə, Rusiya, Ukrayna, Polşa və  Bosniya-Hersoqovinanın bir sıra ali təhsil müəssisələrinin görkəmli türkoloqları ilə əməkdaşlıq edir. 
Laboratoriya əməkdaşları hər il respublikada və xarici ölkələrdə təşkil edilən beynəlxalq səviyyəli elmi tədbirlərdə universiteti uğurla təmsil edirlər.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət