“Dədə Qorqud” elmi tədqiqat laboratoriyası Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1999-cu il tarixli 98 №-li Sərəncamına əsasən, Təhsil Nazirliyinin 04 may 1999-cu il tarixli 303 №-li əmri ilə yaradılmışdır.
Laboratoriyaya 1999-2002-ci illərdə akademik Nizami Cəfərov, 2002-2015-ci illərdə professor Qara Namazov, 2015-2021-ci illərdə akademik Nərgiz Paşayeva rəhbərlik etmişdir.
2021-ci ildən Azərbaycan ədəbiyyatı tarixi nəzdində fəaliyyətin göstərən “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri filologiya üzrə fəlsəfə doktoru Almara Vəzir qızı Nəbiyevadır.
Vaxtilə “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında akademik Tofiq Hacıyev, akademik Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərli, AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev, professor Yusif Seyidov, professor Süleyman Əliyarlı, professor Samət Əlizadə, professor Qara Namazov, professor Pənah Xəlilov kimi görkəmli alimlər burada fəaliyyət göstərmiş, laboratoriyanın sonrakı çoxşaxəli və geniş fəaliyyətinə öz töhfələrini vermişlər.
“Dədə Qorqud” eposunun tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığın müasir inkişaf mərhələsində olduqca önəmlidir. Bu baxımdan, laboratoriyada əsas məqsəd “Dədə Qorqud” eposunun yazıya alınma tarixi, tədqiqi, poetik strukturu, türk xalqlarının, eləcə də Azərbaycan xalqının tarixində yeri, dastanın daha qədim qaynaqları sonrakı dastançılıq ənənələrimizdə mövqeyi və təsiri, qəhrəmanlıq və məhəbbət dastanlarımızın öyrənilməsində bir mənbə kimi istifadə olunması, eyni zamanda qədim və orta əsrlər Azərbaycan tarixinin araşdırılması, tarixi qaynaq kimi əhəmiyyəti və s. kimi filoloji parametrlərin laboratoriyada ardıcıl və sistemli şəkildə elmi işlər formasında aparılması əsas məqsəd olmuşdur. “Dədə Qorqud” laboratoriyası fəaliyyət göstərməyə başladığı zamandan həmin problemlərin araşdırılması üçün xüsusi iş planı hazırlamış və bu plan əsasında fəaliyyətini davam etdirməkdədir.